Apple Macintosh-un ikonik 1984 reklamı

İkonik inqilabın başlanğıcına gedən yol

“1984 Apple’s Macintosh Commercial” reklamı Super Bowl-un ən simvolik reklamlarından biridir. Bu reklam Corc Oruellin məşhur distopiya romanı “1984”ə istinad edir və Apple-ın yeni Macintosh kompüterini tanıtmaq üçün istifadə edilib.

Reklamda kitabdan da yaxşı tanıdığımız obraz olan “Big Brother”, yəni liderin boz beton otaqda bütün tamaşaçıların önündə böyük ekranda çıxış etdiyi distopiya dünyası göstərilir. Bu lider izləyicilərə nizam-intizamlılığı vurğulayır. Daha sonra qırmızı qulaqlıqda olan atletik geyimli qadın qaçaraq içəri girir və kütlənin arasından tullanaraq ekrana tərəf çəkic atır. Nəticədə ekran sınır. Bu da insanların zehnini idarə edən liderin görüntüsünü məhv edir. Daha sonra ekranda “On January 24th, Apple Computer will introduce Macintosh. And you’ll see why 1984 won’t be like 1984” yazısı görünür. Bunun da tərcüməsi “Yanvarın 24-də Apple Macintosh kompüterini təqdim edəcək və 1984-cü ilin niyə “1984-cü il kimi olmayacağını” görəcəksiniz” deməkdir.

Bu reklam Apple-ın yenilikçi və fərdi yanaşmasını nümayiş etdirir. Həm də böyük texnologiya şirkətlərinə qarşı bir növ üsyan mesajı ötürür və bu, Macintosh-un kompüter sənayesində inqilab etməyi hədəflədiyini göstərir.

Reklam marketinq dünyasında dönüş nöqtəsi idi və bu gün də ən təsirli reklamlardan biri hesab olunur. “1984 Apple’s Macintosh Commercial” reklamının bəzən qadağan edildiyi şayiələri yayılsa da, əslində heç vaxt qadağan edilməmişdir. Ancaq NBC, CBS və bəzi digər televiziya kanalları reklamı yayımlamaqdan imtina etmiş və ya məhdud sayda yayımlamışdır. Bunun səbəbi reklamın bəzi televiziya rəhbərləri tərəfindən həddən artıq siyasi və ya radikal kimi qəbul edilməsi olub. Bundan əlavə, reklamın çox fərqli tonu və mesajı var idi, bəziləri üçün bunu qəbul etmək çətin ola bilərdi.

Videonu izləmək üçün keçid edin: 1984 Apple’s Macintosh Commercial

Yorum bırakın

WordPress.com'da ücretsiz bir web sitesi ya da blog oluşturun.

Yukarı ↑